Mənə qiymət verənə bax…
Saxla, cəfəng sözlərini
yetər, bəsdir.
Mən bilirəm nəyim yaxşı,
nəyim pisdir…
Düşmənimdir boşboğazlar,
gəvəzələr…
Mən özümə özüm mizan, tərəziyəm…
Mən bilirəm öz yaxşımı, yamanımı,
Tərifimi, nöqsanımı…
Anam haqla bələyibdir bələyimi,
Məhəbbtlə doldurubdur ürəyimi…
Ağlım bir şey kəsən gündən,
Öz-özümü zərrəbindən keçirirəm
gündən-gündə…
Çörəyimə bircə dəfə haram tikə qatmamışam…
Bir günaha batmamışam…
Hey qaçmışam xeyirimdən,
Bir yad nəfəs görməzsiniz
şerimdə…
Əlim heç vaxt batmayıbdır
nahaq qana,
Nə insana, nə heyvana
Bir yamanlıq etməmişəm…
Əyri yola getməmişəm,
Bircə qəlbə dəyməmişəm
beca yerə,
Elə bil ki, peyğəmbərəm…
Aman Allah, aman Allah,
Səhvlərimi görənə bax…
Bəsdir, yetər, kiri, dayan,
Dayan, özüm səhvlərimi sadalayım…
Ən birinci bəlam budur
şair doğub məni anam,
Hər bir şeyə inananam…
İnananam kim nə desə,
Təmiz sözə, murdar sözə…
Daim elə inanmışam,
Yalançılar tərəfindən talanmışam…
Aldadıbdır yadlar məni, dostlar məni,
İynə boyda səmimiyyət ovsunlayıb
dərhal məni…
Dağlar boyda ümid verib mənə
xırda bir yaxşılıq…
Bir xoş niyyət, bir xoş qılıq…
Nanəciblər ürəyimə bəzən yara vursalar da,
Yenə, yenə bir nəciblik
aramışam insanlarda…
Oğrularda bir doğruluq,
Gədələrdə bir ululuq,
Yoxsullarda bir zənginlik,
Qorxaqlarda döyüşgənlik,
Dinsizlərdə dindən nişan,
Məzlumlarda bir ehtişam,
Laqeydlərdə sevgi, nifrət,
Vəhşilərdə mədəniyyət,
Zülmətlərdə şölə, işıq,
Kifirlərdə bir yaraşıq,
Gözəllərdə ağıl, kamal,
Məhəbbətdə bir ideal,
Bir kədərə min-min şərik,
Bir baxışda bəşərilik,
İlahilik hər cür dində,
Əbədilik hər ölümdə,
Bir qətrədə bütöv ümman,
Aramışam, axtarmışam…
Aman Allah, aman Allah,
Mənə qiymət verənə bax,
Mənə qiymət verə bilər zaman, Allah…