گزیده ی تاریخ و ادبیات آذربایجانی - AZƏRBAYCAN TARİX VƏ ƏDƏBİYYATINDAN SEÇİLMİŞLƏR

آذربایجان تاریخ و ادبیاتیندان ، سئچیلمیشلر

بختیار وهابزاده : قورخو، Qorxu

+0 به ین

من قورخورام ، سن قورخوسان

اودا قورخور ، بودا قورخور

قورخوروق بیز

تازا فیكیر بینیمیزه گلن كیمی

تئز قورخوروق

قورخدوغوموز بس دئیلمیش  باشقاسیندان

ئوزوموزدن بیز قورخورق

قورخو ، قورخو

بیر قورد اولوب یئییر بیزی ایچیمیزدن

نه گؤزله ییر وطن بیزدن؟

ایراده یوخ

كیشیلیك یوخ

بیز قورخوروق

بیز قورخوروق

فیكیر ئولور

جان سوستالیر

ئورك دونوب

روح بوغولور

قورخو بیزیم دیلیمیزده كلید اولور

بینیمیزده قفیل اولور

درد بودوركی

بو دردیده

بیز قانیریق ، بیز بیلیریك

قورخا ، قورخا

ئوزوموزده ، ئوزموزاوچون

بیر قورخیا چئوریلیریك

  **********************************

Mən qorxuram sən qorxursan

O da qorxur,bu da qorxur
Biz qorxuruq
Təzə fikir beynimizə gələn kimi
Tez qorxuruq
Başqasından qorxduğumuz bəs deyilmiş
Özümüzdən biz qorxuruq.
Qorxu, qorxu
Bir qurd olub yeyir bizi içimizdən
Nə gözləyir vətən bizdən?
İradə yox
Kişilik yox
Biz qorxuruq
Biz susuruq
Fikir ölür
Can sustalır
Ürək donub
Ruh boğulur
Qorxu bizim dilimizdə kilid olur
Beynimizdə qıfıl olur
Dərd budur ki bu dərdi də
Biz qanırıq, biz bilirik
Qorxa qorxa
Özümüzdə, özümüz üçün
Bir qorxuya çevrilirik



 

 



بختیار وهابزاده: دئیلمی

+0 به ین

عؤمور باشدان باشا بئشیكدن قبره *** حیاتین سئوینجی غمی دئیلمی؟

ئولوم بیر عؤمورلوك ایضطیرابلارین *** آغرینین ، آجینین جمعی دئیلمی؟

 

معنوی دونیایا قالخیب اوجالماق***قانادلی دویغویا قیسمتدیر آنجاق

بئله ایسه عؤموردن،گوندن كام آلماق***هركسین آرزوسو كامی دئیلمی؟

 

كئچیر مقاملار دا گونده یوزالدن *** هانسی گیزلی الدیر پوزان ، دوزلدن؟

سنین گووندیین دونیا ازلدن *** اكیلن ، بیچیلن، زمی دئیلمی؟

 

ایاقلار آلتیندا یئر اولدو تاپداق *** سررینی ، مغزینی ، بیلمدیك آنجاق

تاپداق ائتدییمیز بو قارا تورپاق *** ابدی منزیلین دامی دئیلمی؟

 

دامیمیز اوستونده گزر، هی گزر *** هره ئورینجه بیر منزیل بزر

تورپاقی سورماقدان ائتمدیك حذر*** بودا عاقلیمیزین كمی دئیلمی؟

 

ئوتری منزیلده قدر حوكم ائدیر*** كیمیمیز بال ایچر كیمیمیز زهر

ابدی منزیلده هامی بیر نفر*** بیر نفر ئوزوده هامی دئیلمی؟

                             *************************

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyatın sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dünya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?


Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdaq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı – bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?



آردینی اوخو