گزیده ی تاریخ و ادبیات آذربایجانی - AZƏRBAYCAN TARİX VƏ ƏDƏBİYYATINDAN SEÇİLMİŞLƏR

آذربایجان تاریخ و ادبیاتیندان ، سئچیلمیشلر

بختیار وهابزاده:تسکینلیک

+0 به ین

ایللری دن کیمی زامان اوتدو

اوجاق هئیدن دوشوب ، کؤز قارالیبدیر

عؤمرون یایی کئچدی باهاری(باهان=اویرنمک) اؤتدو

عؤمرون ایضطیرابی قیشی قالیبدیر

******************

اونودا بیلمیرم قالیب – قالمایب ؟

بلکه کؤچه جه یم قیشا چاتمامیش

آمما حیات عشقی هئچ آزالمایب

کؤچمک ایسته میرم قیشی دادمامیش...

**************

فصیللر گؤزلی :باهاردی ، یایدی

قیش: عذاب فصلیدیر...

باری: شاختا قار..

عؤمرون دادی دوزو ، آرخادا قالدی

اؤنده عذابیم  وار ایظطیرابیم وار

****************

واخت بویو کیچتدی ، باشی بویوتدو

زامان وئردیینی بیربه بیر آلار

باشیمین اوستوندن اوتدو نه اوتدو

ایللرین کوچ ائدن صفی دورنالار

***************

گؤزومه تور گلیر بئله دی گردیش

باشیما گلنلر قدردن گلیب

دئمیرم گؤزلریم توران گتیرمیش

دئیرم هاوایا دومان ، چن گلیب

*************

عاغلیملا هر شئیی گؤرورم نه غم

باخمادان سئچیرم قارادان آغی

باخیرام ، یاخینی گؤره بیلمیرم

اوزاغی گؤرورم آنجاق اوزاغی

****************

دمدن دوشدویومو بیلدیرمه سمده

زامان اؤز ایشینده ، اؤز ایشینده دیر

"حیس ائده بیلمیرم" یاشی دئسمده

بیلیرم یاش نه دیر،عؤمور- گون ندیر؟

*******************

متیم اؤز مجلیسیم ، منیم اؤز یئریم

چیلغین دویغولاردان یاشیم چکیندی

گؤزل قیز گؤرنده یانان گؤزلریم

اوغلوما گؤز آلتی آختاریر ایندی

********************

بس بو نه سئودادیر، بس بو نه هوس ؟

اؤلومو اؤزومدن گئن سایرام من

جاوانلار یانیندا بو ندندی من

یاشیمی دئمه یه اوتانیرام من ؟

******************

اؤرک بو دونیادان کوسدو ، اینجیدی

یاشیمی بیریسی سالیرکن یادا

دونیا اوشاق ایدی ، دونیا گنج ایدی

منیمله برابر قوجالیر اودا

****************

آیلاری ایللری چکدیم تاریما

یوخسا بئزدیرمیشم قوجا دونیانی ؟

یاشیمی آرتیریب همیاشلاریما

اوشاق تک باخدیغیم گونلریم هانی ؟

********************

اؤزومدن ایره لی باخیردیم اوندا

ایندی آرخادادیر قصدیم گومانیم

دومانلی خاطیره یاغیشلاریندا

ایسلانیر اوره ییم ، ایسلانیر جانیم

*******************

کدرلی آنلاردا آنیرام هردن

کیملر گلیب کئچدی دونیادان کیملر؟

بو نیه بئله دیر؟ یاشلاشدیقجا من

اویانیر روحومدا چوخ – چوخ قدیملر..

************************

آتام ، بابام گیریر یوخوما تئز- تئز

آرادیقجا رنگبرنگ عمللریمی

یوخومدا آتاملا آتام کیمی یوخ

ایندی دانیشیرام همیاشیم کیمی

********************

ندیر بو تلاشلار، هئچ سورما، کؤنلوم

اوزمه سین بو یولدا کدر ، غم سنی

ایتن گنجلیینی آختارما کؤنلوم

آختارسان قورخورام ایتیرم سنی

*******************

تزه پوهره لره او مغرور گونش

وئریب ایستیسینی غروبا ائندی

منیم ایتیردییم او اود او آتش

اوغلومون گؤزونده   آلیشیر ایندی

**********************

دونیا تزه لنسین ! گؤروشوب قیشلا

بوحاققی هم بیلن ، هم دانان منم

کؤهنه دونیامیزا تزه باخیشلا

اؤولادلار گوزوندن بویلانان منم


TƏSKİNLİK
İlləri dən kimi zaman üyütdü,
Ocaq heydən düşüb, köz qaralıbdır.
Ömrün yayı keçdi, bahan ötdü,
Ömrün iztirablı qışı qalıbdır.
Onu da bilmirəm, qalıb, qalmayıb?
Bəlkə köçəcəyəm qışa çatmamış.
Amma həyat eşqi heç azalmayıb,
Köçmək istəmirəm qışı dadmamış...
Fəsillər gözəli - bahardı, yaydı.
Qış - əzab fəslidir...
Barı - şaxta, qar.
Ömrün dadı-duzu arxada qaldı,
Öndə əzabım var, iztirabım var.
Vaxt boyu kiçiltdi, yaşı böyütdü,
Zaman verdiyini birbəbir alar.
Başımın üstündən ötdü, nə ötdü
İllərin köç edən səfi - durnalar.
Gözümə tor gəlir... Belədi gərdiş.
Başıma gələnlər qədərdən gəlib.
Demirəm, gözlərim toran gətirmiş,
Deyirəm, havaya duman, çən gəlib.
Ağlımla hər şeyi görürəm, nə qəm,
Baxmadan seçirəm qaradan ağı.
Baxıram, yaxını görə bilmirəm,
Uzağı görürəm, ancaq uzağı.

Dəmdən düşdüyümü bildirməsəm də,
Zaman öz işində, öz işindədir.
"Hiss edə bilmirəm yaşı" - desəm də,
Bilirəm yaş nədir, ömür, gün nədir?..
Mənim öz məclisim, mənim öz yerim,
Çılğın duyğulardan yaşım çəkindi.
Gözəl qız görəndə yanan gözlərim
Oğluma gözaltı axtanr indi.
Bəs bu nə sövdadır, bəs bu nə həvəs?
Ölümü özümdən gen sayıram mən.
Cavanlar yanında bu nədəndi bəs
Yaşımı deməyə utanıram mən?
Ürək bu dünyadan küsdü, incidi,
Yaşımı birisi salırkən yada.
Dünya uşaq idi, dünya gənc idi,
Mənimlə bərabər qocalır o da.
Ayları, illəri çəkdim tarıma,
Yoxsa bezdirmişəm qoca dünyanı?
Yaşımı artırıb həmyaşlarıma
Uşaq tək baxdığım günlərim hanı?
Özümdən irəli baxırdım onda,
İndi arxadadır qəsdim, gümanım.
Dumanlı xatirə yağışlarında
İslanır ürəyim, islanır canım.
Kədərli anlarda anıram hərdən
Kimlər gəlib keçdi, dünyadan kimlər?
Bu, niyə belədir?
Yaşlaşdıqca mən
Oyanır ruhumda çox-çox qədimlər...
Atam, babam girir yuxuma tez-tez,
Ardıqca rəngbərəng əməllərimi.
Yuxumda atamla atam kimi yox,
İndi danışıram həmyaşım kimi...

Nədir bu təlaşlar, heç sorma, könlüm,
Üzməsin bu yolda kədər, qəm səni.
İtən gəncliyini axtarma, könlüm,
Axtarsan, qorxuram itirəm səni.
Təzə pöhrələrə o məğrur günəş
Verib istisini qüruba endi.
Mənim itirdiyim o od, o atəş
Oğlumun gözündə alışır indi.
Dünya təzələnsin! Görüşüb qışla,
Bu haqqı həm bilən, həm danan mənəm.
Köhnə dünyamıza təzə baxışla
Övladlar gözündən boylanan mənəm.
İyul, 1978