گزیده ی تاریخ و ادبیات آذربایجانی - AZƏRBAYCAN TARİX VƏ ƏDƏBİYYATINDAN SEÇİLMİŞLƏR

آذربایجان تاریخ و ادبیاتیندان ، سئچیلمیشلر

BƏXTİYAR VAHABZADƏ:TAPMAQ - İTİRMƏK

+0 به ین

Bir eniş var
sonunda
Hər dikin
Hər yoxuşun
Yerə bir enmək də var
Uçuşunda hər quşun
Bu yollar dolay-dolay
Fikirlər qoşun-qoşun
Dolaşırıq dünyanı
Əldə dəmir bir əsa
Ayaqda dəmir çarıq
Biz tapdıqca itirir
İtirdikcə tapırıq
Həvəsimiz, meylimiz
Gah suyadır, gah oda
Tapdığımız qədər də
İtiririk dünyada
Sonda sevincə dönür
Çəkdiyimiz əzablar
Uduzduğum - ömürdür
Qazandığım - kitablar
Nehrəni çalxamadan
Süd də dönüb yağ olmur
Nəyisə itirmədən
Nəyisə tapmaq olmur
Hər gəliri-çıxarı
Çəkir mizan -tərəzi
Hər əyləncə, hər səfa
Bir cəfanın əvəzi
Qazancın iki ucu
Həm xeyri, həm bəlası 
Yollardakı qəzalar
Sürətin öz bahası
Nağıl döndü gerçəyə
Bu məqamda biz artıq
Sürəti yox
əyləci
Tapana minnətdarıq
Hara gedir bu sürət
Hara gedir bu gərdiş
Bizim yaratdığımız
Bizə qənim kəsilmiş
İztirabsız bir fərəh
Əziyyətsiz bəhər yox
Həyatın qiymətini
Ölümlərə borcluyuq
Könül duymaz sevinci
Ona zülüm olmasa
Həyat bizi bezdirər
Əgər ölüm olmasa
Həvəsimiz, meylimiz
Gah suyadır, gah oda
Tapdığımız qədər də
İtiririk dünyada
İyul, 1980